İmam Əli niyə sükut etmişdi?

İmam Əli niyə sükut etmişdi?

2018-02-17 6078

İmam Əli niyə sükut etmişdi?

Xanım Zəhranın (səlamullahi-əleyha) evinə edilən hücum, zərbətlənməsi və bunun nəticəsində şəhid olması kimi tarixi həqiqətlər barəsində zaman zaman bir çox suallar verilmişdir. Bu məqalənin mövzusu da hadisə barədə çox soruşulan suallardan birinin cavabı haqqındadır.

Sual bundan ibarətdir ki, “nəyə görə Əmirul-muminin (ə) düşmənləri ilə müharibə etməyib sükut etdi? İnsanlar arasında hətta digər şəxslərin etirafına əsasən ən şücaətlisi, ən güclüsü olduğu halda, onların hamısını möcüzə ilə öldürə biləcəyi halda hansı səbəbdən özünü və xanımını qorumadı?”

Cavaba keçməzdən əvvəl bu qəbildən olan bir neçə sualı qeyd etmək lazımdır. Məsələn soruşulur ki, “Nəyə görə Allah düşmənlərə istədikləri şeyləri etməyə icazə verir? Bunun nəticəsində də onlar Allah vəlilərinə qalib gəlirlər?” Bəzən isə soruşurlar ki, "Nəyə görə Allah rəsulu (s) vilayət məsələsinin özündən sonra Əliyə (ə) çatmasına mane olmamaları üçün İmamın (ə) düşmənlərini öldürmədi?” Sualların mövzu ilə birbaşa olmasa da müəyyən əlaqəsi vardır.

Cavab

Bu suallara bir çox ayələr və hədislər bəziləri açıq şəkildə olmaqla, bəziləri isə ümumən işarə edərək cavab vermişlər. Bir qədər düşünsək görərik ki, Allah təbarək və təala peyğəmbərləri (əleyhimus-səlam) insanlara onları doğru yola hidayət etmələri, Allahın əmrlərini və qadağalarını insanlara çatdırmaqları üçün göndərmişdir. Allahın üslubu insanları zorla onun itaətinə məcbur etmək deyil. Əksinə, Allah iradə edib ki, insanlar bu işi öz ixtiyarları ilə görsünlər. O, bu dünyanı imtahan evi qərar vermişdir.

Allah övliyaları heç də həmişə qələbə qazanmamışdırlar. Hətta çox zaman Allah kafirlərin, müşriklərin və fasiqlərin peyğəmbərlərə (ə), onların vəsilərinə və onlara tabe olan şəxslərə qarşı qələbə qazanmasına maneə olmamışdır. İnsanlar onlara hücum etmiş, onları öldürmüş, əsir almış və onlara qarşı digər işlər görmüşlər. Zalımların hökmranlıqı isə Allahın son verəcəyi müddətə qədər davam edib.

Allah təala öz bəndələrini bu cür imtahan edir və bu şəkildə çirkinliklərə bulaşmışlarla təmizlər, münafiqlərlə möminlər bir birindən seçilirlər. Allah təbarək və təala bu barədə buyurur:

“Biz bu günləri insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şahidlər seçsin. Allah zalımları sevmir. (Həm də ona görə belə edirik) ki, Allah möminləri təmizə çıxarsın və kafirləri məhv etsin. Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihada çıxanları və səbr edənləri bəlli etmədən siz Cənnətə daxil olacaqsınız?”[i]

Peyğəmbər (s.a.a.s.) bir hədisdə buyurur:

“... “Əgər Allah təala istəsəydi insanların hamısını hidayət üzrə cəm edərdi”[ii] və bu ümmətdən iki nəfər belə bir biri ilə ixtilaf etməzdi. Heç bir işdə bir biriləri ilə mübahisə etməz, fəzilətcə aşağı olan şəxs özündən üstün şəxsin fəzilətini inkar etməzdi. Əgər Allah istəsəydi (öz dostlarına kömək etmək üçün zalımlara veriləcək) əzabı tezləşdirər və (onların halını) dəyişərdi ki, zalım təkzib edilsin və haqq ortaya çıxsın. Lakin o, dünyanı əməl evi, axirəti isə hökm yeri qərar vermişdir ki, “pis iş görənlərə etdiklərinin əvəzi verilsin, yaxşı işlər görənlər isə gözəl şəkildə mükafatlandırsın.”[iii] [iv]

Başqa bir rəvayətdə də Allah rəsulu (s.a.a.s.) buyurur:

“Həqiqətən də Allah yaxşılar pislərdən (çirkinlərdən) ayırmaq üçün onları və onlardan sonrakıları dünya nemətlərindən faydalandıraraq imtahan edir..."[v]

Peyğəmbər (s.a.a.s.) isə, öz Əhli-beytinin (əleyhimus-səlam) və ümmətinin başına gələcək olan hadisələrdən xəbərdar idi. O, (s) öz dönəmində şahların və xəlifələrin öz müxaliflərinə qarşı etdiyi kimi Əhli-beytinin (ə) düşmənlərini öldürməyə qadir idi. Lakin bu, dinə zərər verə bilərdi. İslam dininin çöküşünü istəyən şəxslərin sevinməsinə və Peyğəmbərin (s.a.a.s.) bu işi görməsindən sonra “O, zəfər qazandıqdan sonra özünə kömək edənləri, dostlarını öldürməyə başladı.” deməsinə səbəb olacaqdı. Necə ki, Peyğəmbərin (s) bəzi sözləri də bu mətləbə işarə edir.[vi]

Həmçinin Allah rəsulu (s) necə insanların hələ etmədiyi bir işə görə onları cəzalardırar? O, bu iş üçün də Allahdan əmr almamışdı.

İmamın sükut etməsinin səbəbləri

Mövlamız, Əmirul-muminin Əlinin (əleyhis-səlam) sükut etməsinə gəlincə, əvvəla məlumdur ki, pak Əhli-beyt imamlarından (əleyhimus-səlam) hər birinin Allahdan əmr aldıqları özünə məxsus üslubları-qaydaları olmuşdur. Vəhyin əmanətdarı olan Cəbrail (ə) vasitəsi ilə Allah bunu Rəsuluna (s) çatdırmışdır ki, bunları imamlara (ə) bildirsin və onlar da bütün həyatları boyu buna əməl etsinlər. Biz onların (ə) yaşadıqları dövrlər haqqında biraz düşünsək bu məxsusi əmrlər və həmin dövrlərdə məsləhət olan işlər arasında uyğunluq olduğunu görərik.

Rəvayətlərdən məlum olana əsasən Əmirul-muminin (əleyhis-səlam) bir neçə səbəbə görə öz düşmənləri ilə müharibəyə qalxmaqdan çəkinmişdir. Burada onlardan bir hissəsini zikr edirik:

Birinci səbəb – Köməkçilərin azlığı

Xilafət məsələsi barədə Əbu Bəkr ilə müxalif olan şəxslər belə – baxmayaraq ki, az deyildilər – İmam Əliyə (ə) kömək etməkdən imtina etmişdilər. Dostlarının sayı da az idi. Ona kömək edəcək üç-dörd şəxs var idi. Özü də (ə) xütbələrindən birində bu məsələ haqqında belə buyurmuşdur:

“And olsun Allaha, əgər mənim Talutun əshabı, Bədr əhlinin sayı qədər köməkçim olsaydı ... haqqa dönənə qədər sizə qılıncla vurardım...”[vii]

Əllamə Məclisi deyir:

“İmam Sadiqdən (əleyhis-səlam) nəql edilənə əsasən Talutun əshabının sayı üç yüz on üç nəfər – Bədr əshabının sayı qədər – olmuşdur.”[viii]

İmamın (ə) “Şiqşiqiyyə” adı ilə məşhur olan xütbəsində bu barədə buyurur:

“Agah ol! Allaha and olsun ki, Əbu Quhafənin oğlu (cahiliyyət dövründə Əbu Bəkrin adı Əbdülüzza olmuş, sonra Həzrət Rəsul -səlləllahu əleyhi və alih- onun adını dəyişərək Abdullah qoymuşdur) mənim xəlifəlik üçün dəyirmanın orta qütbü kimi (elmdə və əməldə kamillik baxımından) olduğumu bildiyi halda xəlifəliyi köynək kimi əyninə geyindi. Elm və maarif mənim feyz bulağımda sel tək çağlar, elm və bilik səmasında qanad çalanların heç biri mənim zirvəmə çata bilməz. Sonra (Əbu Quhafənin oğlu xəlifəlik köynəyini haqsız yerə geyindiyinə və camaat onu təbrik etdiyinə görə) xəlifəlik köynəyini soyunub, ondan kənara çəkildim. Öz işlərim barəsində fikirləşdim ki, əlsiz (ordu və tərəfdarsız) hücum edim (öz haqqımı tələb edim), yoxsa qocaları həlak edən, gəncləri solduran və qocaldan, möminlərin (fəsadın aradan qalxması üçün) ölüncəyə qədər əziyyət çəkdiyi kor qaranlığa (xalqın azğınlığına) səbr edim. Səbr etməyin ağıllı iş olduğunu görüb, gözlərimi toz, çör-çöp, boğazımı isə sümük tutduğu halda səbr etdim. Mirasımın tarac olunduğunu görürdüm.”

İmamın (ə) evinə hücum edilib Əbu Bəkrin yanına zorla gətirildiyi zaman buyurdu:

“And olsun Allaha ki, əgər qılıncım əlimdə olsaydı siz bu həddə çata bilməzdiniz (bunları edə bilməzdiniz). Sizinlə cihad etmək barədə özümü müqəssir bilmirəm. Əgər qırx nəfər köməkçim olsaydı sizi pərən-pərən salardım. Allah əvvəlcə mənə beyət edib sonra tərk edənlərə lənət etsin.”[ix]

İmam (ə) Peyğəmbərin (s) Əbu Bəkr və Ömərin Kəbədə etdiyi sözləşmə barədə verdiyi xəbəri bəyan etdikdən sonra buyurdu:

“And olsun Allaha əgər mənə beyət edən şəxslərdən 40 nəfər beyətlərinə vəfa etsəydilər Allah üçün sizə qarşı cihad edərdim. Allaha and olsun ki, sizin nəslinizdən heç bir şəxs Qiyamət gününə qədər bu işə (xilafətə) çatmayacaq.”[x]

İmam Əli (ə) Peyğəmbərin (s) dəfn işləri qurtardıqdan və Qurani-Kərimi topladıqdan sonra insanlara xütbə etdi və onları özünə yardım etməyə səslədi. Xanım Fatimə (s.ə.), Həsən (ə) və Hüseynlə (ə) birlikdə mühacir və ənsarın evlərinə gedib onlardan Əbu Bəkri qəsb etdiyi xəlifəlik məqamından endirmək üçün kömək istədi. Peyğəmbərin (s) özünün (ə) haqqı barədə insanlara tapşırıb vəsiyət etdiklərini onlara xatırlatdı. Beləliklə insanlar üçün ona kömək etməmələrində heç bir üzr yeri qalmadı.

Necə ki, Xanım Fatimə (səlamullahi əleyha) məsciddə insanlara xütbə etdiyi zaman onları ən bəlağətli şəkildə hakim qrupa qarşı müharibə etməyə çağırdı. Xanım (s.ə.) açıq-aşkar şəkildə buyurdu: “Küfr rəhbərləri ilə döyüşün!”[xi].

Bütün bunlara rəğmən Allahın zikrini unutmuş və imanı zəyifləmiş qəlblərə bu xütbələrin heç bir faydası olmadı. Halbuki, höccətin insanlara tamam olmasından sonra hamısına vacib oldu ki, Əmirul-mumininə (ə) kömək etmək üçün toplansınlar nəinki, imam (ə) onların yanına gəlsin və onları bu işə dəvət etsin. Çünki imamın məsəli Kəbənin məsəli kimidir. Ona tərəf yönəlinər, o, insanlara tərəf gəlməz.

İkinci səbəb – Peyğəmbərin (sallallahu əleyhi və alih) vəsiyyəti

Allah rəsulu (s) İmama (ə) əmr etmişdi ki, əgər qiyam etmək üçün köməkçi tapmazsa bu işdən çəkinsin. Yoxsa din təməlindən xarab olar, bütünlüklə aradan gedər və ondan əsər əlamət qalmaz.

İmam (ə) da döyüş meydanlarında heç bir şəxsin yanına yaxınlaşmaqa cürət edə bilmədiyi cəsarətli döyüşçü olmasına baxmayaraq bu işə Allah təala və Peyğəmbər (s) tərəfindən əmr edildiyi üçün bütün bu məşəqqətlərə dözdü. Səbrin bu həddi əlbətdə çox böyük bir imtahandır. Buna görə də onun (ə) Allah rəsulundan (s) bunları eşitməsi ona ağır gəlir. Peyğəmbər (s) həmçinin qızı Xanım Fatimədən (s.ə.) də səbr etməsi barədə əhd alır. O cümlədən Həsən və Hüseyndən (əleyhiməs-səlam) də. Onların hamısı bu ilahi vəzifəni qəbul edib, buna razı oldular. Bəlkə də bu, həmin camaatın Fatimətuz-Zəhranın (s.ə.) evinə edilən hücuma və onun hörmətinin sındırılmasına cürət etmələrinə səbəb olan şeylərdən biridir. Əhli-beyt (əleyhimus-səlam) də bunları hamısının baş verəcəyini öncədən bilirdi... Onlar bilirdilər ki, insanlar onlara yardım etməyəcəklər.

İmam Museyi-Kazimdən (əleyhis-səlam) bu barədə nəql edilən rəvayətdə buyurur:

“Allah rəsulu (s.a.a.s.) Əmirul-mumininə (ə) buyurdu: “... Qardaşım, bil! Həqiqətən də bu qövmü (etdikləri) işlər məndən uzaqlaşdıracaq... Məni haqq olaraq göndərənə and olsun ki, mən onlara Allahın sənin haqqın barədə vacib etdiklərini bir bir hamısına xəbər verdikdən, sənə itaət etmənin onlara vacib olduğunu çatdırdıqdan və hamısının buna razı olub bu işin (vilayətin) səndə olmasını qəbul etdikdən sonra axirət əzabı barədə olan vədi bildirdim. Halbuki, mən onların sözlərinin xilafına çıxacaqlarını bilirəm. Canımın bədəndən çıxdığı, sənə vəsiyyət etdiyim hər bir işi yerinə yetirdiyin və məni öz qəbrimdə tərk etdiyində evinə get, Quranı öz qaydasına uyğun şəkildə, vacibləri və hökmləri Allahın nazil etməsinə uyğun olaraq topla. Sənə əmr etdiyim şeylərə razı halda yerinə yetir. Mənə qovuşuncaya qədər (bu ümmət tərəfindən) sənə və ona (Xanım Fatiməyə s.ə.) üz gətirən bəlalara səbr et.”[xii]

Başqa bir rəvayətdə də Allah rəsulu (s) İmama (ə) xitabən buyurur:

“Əgər özünə köməkçi tapsan onlara qarşı çıx və cihad et. Əgər tapmasan mənim yanıma məzlum halda gələnə qədər əlini saxla, özünü qoru.”[xiii]

Digər bir rəvayətdə isə buyurub:

“Ey Əli, mənim vəfatımdan sonra sənə müsibətlər üz gətirəcək. Belə olduqda (haqqını qəsb edənlərə qarşı) döyüşmə.”[xiv]

İmam Əlidən (ə) nəql edilən bir hədisdə Allah rəsulunun (s) aldığı əhd barəsində buyurur:

“Allah rəsulu (s) mənə buyurub: “Əgər sənin barəndə razılığa gəlsələr (ətrafında toplansalar) sənə nə əmr etmişəmsə onu da et. Əgər belə olmasa səbr et...” İnsanlar məndən uzaqlaşdıqları zaman istəmədiyim halda bu işdən yaxamı çəkdim və gözümə tikan batmış halda səbr etdim.”[xv]

“Məcməuz-zəvaid”-də nəql edilir

“Əli ibn Əbu Talibdən nəql edilir ki, Allah rəsulu (s.a.v.) belə buyurub: “Məndən sonra bir ixtilaf baş verəcək. Əgər sülh edə biləcəksənsə (ki, bununla özünü qoruyasan) et.”

Abdullah rəvayət etmişdir. Raviləri siqədir.”[xvi]

Əmirul-muminindən (ə) nəql edilən başqa bir hədisdə bu mətləbə işarə edərək buyurur:

“Əgər ummi olan Peyğəmbərin (s) məndən aldığı əhd olmasaydı müxalifləri ölüm körfəzinə yollayar, ölüm şimşəklərini onlara göndərərdim... Onlar tezliklə biləcəklər.”[xvii]

Süleym ibn Qeys Hilali öz kitabında evə hücum hadisəsini nəql edərkən Ömərin Xanım Zəhranı (s.ə.) vurmasının ardıyca yazır:

“Əli (ə) ona tərəf yönəlib yaxasından yapışdı və onu qaldırıb yerə çırpdı. Burnuna və boynuna zərbə endirdi. Onu öldürmək istədi lakin Allah rəsulunun (s) sözü və ona etdiyi vəsiyyəti xatırladı və dedi: “Ey Səhhakın oğlu, Muhəmmədi peyğəmbərliklə ucaldana and olsun ki, əgər Allahın təqdiri və Peyğəmbərin məndən aldığı əhd olmasaydı bilərdin ki, sən mənim evimə daxil ola bilməzsən.”[xviii]

Bəzi şəxslər Xanım Zəhranın (s.ə.) evinə edilən hücum hadisəsi haqqda belə təsəvvürdədirlər ki, ümumiyyətlə İmam (ə) öz xanımını (s.ə.) müdafiə etməmiş və baş verənləri bir növ sadəcə izləmişdir. Bu və bunun mislində hadisəni ətraflı izah edən hədislər isə İmamın onları uzaqlaşdırmağa çalışdığını göstərir. Sadəcə daha sonra İmamın (ə) qılıncına yönəlməsinə mane oldular və onların çox olması sayəsində də məzlum şəkildə ağanı evdən çıxardılar. Məqalənin mövzusu hadisənin təfsilatı olmadığı üçün bu barədə ətraflı söhbət açmırıq.

DAVAMI NÖVBƏTİ SƏHİFƏDƏ


[i] Ali-İmran 140-142

[ii] Ənam surəsi 35

[iii] Nəcm 31

[iv]Kəmalud-din” s.264

[v] “Biharul-ənvar” c.27 s.106

[vi] Bax: Həmin mənbə c.21 s.196; c.28 s.99

[vii] Həmin mənbə c.27 s.341

[viii] Həmin mənbə c.28 s.245

[ix] “Əsraru Ali Muhəmməd” s.152

[x]  Həmin Mənbə s.155

[xi] Tövbə surəsi 12

[xii] “Xəsaisul-Əimmə” s.73

[xiii] İrşadul-qulub s.295

[xiv] “Əl-Ğədir” c.7 s.173

[xv] İbn Əbil-Hədid “Şərhu Nəhcil-bəlağə” c.20 s.326

[xvi] “Məcməuz-zəvaid” c.7 s.234

[xvii] “Kafi” c.8 s.33

[xviii] “Əsraru Ali Muhəmməd” s.150