Seyyid Xoyi barədə müxaliflərin şübhələrinə cavab

Seyyid Xoyi barədə müxaliflərin şübhələrinə cavab

2018-02-09 3336

Seyyid Xoyi barədə müxaliflərin şübhələrinə cavab

Müqəddimə

Rəhman və Rəhim olan Allahın adı ilə

Uzun illərdir ki, Əhli-beyt (əleyhimussəlam) məktəbinin müxalifləri bu məktəbin böyük alimlərinə müxtəlif iftiralar və böhtanlar atmaqla haqq məzhəbi gözdən salmağa çalışmışlar. Onlar bu yolda əllərindən gələn hər bir işi yerinə yetirməklə hansısa bir alimimizin fikirlərini təhrif etməyə və bundan öz məqsədləri üçün istifadə etməyə səy etmişlər. Lakin daim bu cəhdləri uğursuzluqla nəticələnmiş və alimlərimizə nisbət verdikləri fikirlərin sırf söz oyunu, iftira və böhtandan ibarət olduğu məlum olmuşdur. 

Düzdür, təəssüflər olsun ki, son illər özünü Əhli-beyt (əleyhimussəlam) məktəbinə nisbət verən, lakin işi-peşəsi ancaq Əhli-beyt (əleyhimussəlam) məktəbinin müxtəlif alimlərinin sözlərini kəsmək, təhrif etmək, olduğu mənadan çıxardıb başqa bir mənada kifayət qədər elmi olmayan kütləyə təqdim etməklə ümum camaatın nəzərində zahirən həmin alimlərin “xətalarını” bəyan etmək, həqiqətdə isə məzhəbi və onun əsaslı əqidələrini  şübhə altına almaq kimi məqsədlər güdən bir neçə nəfər eyni ilə müxaliflərin üsulundan istifadə etməklə, yaxud onların ortaya atdığı şübhələri camaata öz kəşfləri kimi təqdim etməklə müxtəlif televiziya və internet səhifələri vasitəsilə böyük alimlərimizə iftiralar atırlar. Bu kimi şəxslərə misal olaraq Əbdül-Həlim Ğizzini və Kamal Heydərini misal vurmaq olar. Düzdür bu cür iftira atanlar adları qeyd olunanlarla kifayətlənmir. Sadəcə son illərdə bu iki şəxsdən böyük alimlərimizə atılan iftiralar və onların sözlərini təhrif etmək daha geniş yayıldığı üçün bu ikisinin adını qeyd etməklə kifayətləndik. Xüsusən bu məqalədə haqqında cavab verəcəyimiz məsələ elə ilk olaraq vəhhabilər tərəfindən illər öncə ortaya atılmışdır. Elə bu iftiranın cavabı da illər öncə verilmişdir. Lakin sonradan özünü şiəliyə nisbət verən və böyük alimlərimizə iftira atmaqdan çəkinməyən şəxslərdən biri – Əbdül-Həlim Ğizzi bu məsələni öz televiziya kanalında yenidən səsləndirmişdir. Bəzi şəxslər də müəyyən alimlərimizə daxillərində gizlətdikləri kinləri səbəbindən tez məsələni araşdırmadan tərcümə etmiş və yaymışdır. 

Burada müasir mərceyi-təqlid və müctəhidlərin əksəriyyətinin ya bilavasitə, yaxud da vasitə ilə ustadı olmuş şiənin ən böyük mərceyi-təqlidlərindən biri Ayətullah seyyid Əbul-Qasim Xoyiyə (Allah ona rəhmət etsin) nisbət verilən və mənası təhrif edilməklə təqdim olunmuş bir şübhəyə cavab verməyə çalışacağıq.

Bu şübhəyə cavab verməyə bizi vadar edən neçə cəhət mövcuddur. Onlardan biri alimlərimizə iftira atmaqla sonradan məzhəbin əsaslı fikirlərini şübhə altına qoymaq cəhdi, digəri isə haqqında iftira atılmış şəxsin yəni Ayətullah seyyid Əbul-Qasim Xoyinin (r) hamımızın boynunda olan haqqı, məxsusən isə mənim boynumda olan haqqıdır. Ayətullah əl-üzma Seyyid Əbul-Qasim Xoyi öz ömrünü Əhli-beyt (əleyhimussəlam) maarifini yaymağa sərf etməklə məzhəbimizi müdafiə edən minlərlə tələbə yetişdirmiş və onun tələbələri vasitəsilə bizlər hal-hazırda məzhəbimizi batil şübhələrdən müdafiə edirik. Yaxud gündəlik əməl etməli olduğumuz şəriət hökmlərini onun tələbələri olmuş mərceyi-təqlidlərdən əldə edirik. Bu, Seyyid Xoyinin (r) hamımızın boynunda olan haqlarından biridir. Ayətullah seyyid Əbul-Qasim Xoyinin mənim boynumda olan məxsusi haqlarından biri isə onun bəzi ustadlarımın ustadı, bəzi ustadlarımın isə ustadının ustadı olmasıdır. Bu səbəbdən bu kiçik məqalə ilə şiə aləminin tarixdə misli çox az görünən əzəmətli ustadına atılmış böhtana cavab verməklə mərhum seyyidin heç vaxt tam şəkildə ödəyə bilməyəcəyim haqqını az da olsa ödəməyə çalışacağam.

DAVAMI NÖVBƏTİ SƏHİFƏDƏ